Türk dünyası ürək-damar cərrahlarının birliyi yaradılır

06.06.2023

Türk dünyası ürək-damar cərrahlarının birliyi yaradılır

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi çərçivəsində "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa təşkil olunub. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə aparıcı mütəxəssislər iştirak edib. Toplantıda türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb, tibb üzrə əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının da vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Prof. Dr. Kamran Musayev türk dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumatların mübadiləsinin daha sistemli aparılması üçün türk dünyası ölkələrinin ürək-damar cərrahlarının birliyinin yaradılması təklifini irəli sürüb. Təşkilati işlərin həyata keçirilməsi məqsədilə iştirakçı ölkələrin hər birindən bir təmsilçi olmaqla işçi qrup formalaşdırılıb, Türkiyə təmsilçisi Prof. Dr. Mehmet Ali Özatik işçi qrupun rəhbəri seçilib. Toplantı iştirakçıları türk dünyası ürək-damar cərrahlarının birliyinin yaradılmasının ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyindən əminliklərini ifadə edib.