Şuşada “Ürək və damar cərrahiyyəsi” dərsliyinin təqdimatı olub

23.04.2024

Şuşada “Ürək və damar cərrahiyyəsi” dərsliyinin təqdimatı olub

Şuşa şəhərində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin “Ürək və damar cərrahiyyəsi” dərsliyinin təqdimatı olub.

Professor Kamran Musayev çıxış edərək, kitab haqqında məlumat verib. Bildirib ki, ürək-damar xəstəlikləri ilə məşğul olan elm sahələri - kardiologiya və ürək-damar cərrahiyyəsi əsasən profilaktika, diaqnostika, müalicə və reabilitasiya istiqamətlərində öz töhfələrini verərək, insanlığın bir nömrəli ölüm səbəbi ilə mübarizə aparır. Statistik olaraq ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinciliyini qorusa da, xüsusilə son onilliklərdə kardioloji elmlərdəki inkişaf da göz qabağındadır. Dünyada ürək-damar xəstəliklərinin istər profilaktikası, istərsə də diaqnostika və müalicəsində ciddi bir elmi-praktiki bilgi toplanması əmələ gəlmişdir. Məhz bu bilgi toplanmasının nəticəsində, ürək-damar xəstəliklərindən ölüm nisbətləri getdikcə azalır, tibbi müalicələrin uğur nisbəti getdikcə yüksəlir.

“Ürək və damar cərrahiyyəsi” dərsliyi tələbələr və rezidentlər üçün nəzərdə tutulub. Dərslikdən ürək-damar cərrahları, kardioloqlar və ümumiyyətlə bu sahə ilə maraqlanan bütün tibb işçiləri istifadə edə bilər. Kitab həm çap, həm də elektron variantda hazırlanıb.