Prof. Kamran Musayev Cəmiyyətin Fəxri Sədri seçilib

29.01.2024

Prof. Kamran Musayev Cəmiyyətin Fəxri Sədri seçilib

“Koronar arteriyaların cərrahiyyəsi: müasir yanaşma” mövzusunda keçirilən elmi-praktiki seminarda Fəxri Sədr diplomu təqdim edilib. 

Yanvarın 26-da Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Koronar arteriyaların cərrahiyyəsi: müasir yanaşma” mövzusunda cari ilin ilk elmi-praktiki seminarı təşkil olunub.

Əvvəlcə AÜDCC-nin İdarə Heyətinin qərarı ilə Cəmiyyətin təsis olunması və bu günə qədərki fəaliyyətində, həmçinin ölkəmizdə ürək-damar cərrahiyyəsinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Prof. Dr. Kamran Kazımoğlu Musayevə Fəxri Sədr diplomu təqdim olundu.  

AÜDCC-nin Fəxri Sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev diqqətə görə təşəkkür edib, təsisçisi olduğu birliyin bundan sonrakı fəaliyyətində də aktiv iştirak edəcəyini bildirib:

“Cəmiyyətin yarandığı 2004-cü ildən bu günə qədər ölkəmizdə ürək-damar cərrahiyyəsinin inkişafı üçün müəyyən bir yol qət etmişik. Bu sahədə çalışan həmkarlarımızın da dəstəyi ilə müxtəlif səpkili yerli və beynəlxalq tədbirlər təşkil edərək, gənc mütəxəssislərimizin təcrübələrinin artırılmasına çalışmışıq. Bundan sonra da Cəmiyyətin fəaliyyətində aktiv iştirak edərək gənc həmkarlarımızla dəstəyimizi davam etdirəcəyik.”

KRKA Şirkətinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, t.e.d. Rəşad Mahmudov "ÜİX'də revaskularizasiya: kimə, hansı üsul və nə üçün?", Dr. Natiq Mirzəyev "Mini koronar “bypass”", Dr. Ramil Əliyev "Atrial fibrillasiyada rivaroksiya", Dr. Seymur Mustafayev "AKŞ sonrası reanimasiyada kardiyak arrestə yanaşma" mövzularında çıxış edib. 

Seminar qarşılıqlı fikir mübadiləsi ilə davam edib və gənc həkimləri maraqlandıran suallar cavablandırılıb.